Tanınmış inqilabçının müəmmalı ölümü - Stalin dostunun vəfatından sonra onun oğlunu övladlığa götürüb

20:06 9.03.2023 1 206
Tanınmış inqilabçının müəmmalı ölümü - Stalin dostunun vəfatından sonra onun oğlunu övladlığa götürüb

O, Stalinin ən yaxın dostlarından biri olub. Əsl adı və soyadı Fyodor Sergeyev olsa da, daha çox partiya təxəllüsü "Artyom" adı ilə tanınıb. Tarixçilərin qənaətinə görə, Sergeyev Stalin tərəfindən ölkənin ən böyük vəzifələrindən birinə hazırlanıb. Amma hadisələrin başqa istiqamətə cərəyan etməsi bütün planları dəyişib...

1883-cü ildə Kurskda anadan olan Fyodor Sergeyev, orta təhsilini başa vurduqdan sonra, Moskva Texniki Məktəbində (sonralar Bauman adına Moskva Dövlət Texniki Universiteti) təhsil alıb. O, tələbəlik illərindən siyasətə böyük maraq göstərib, marksist dərnəklərinin fəal iştirakçılarından olub, 18 yaşında isə bolşeviklər partiyasına üzv qəbul edilib.

Sergeyev tələbə biletini alanda siyasi proseslərə qoşulmayacağı, tələbə nümayişlərində iştirak etməyəcəyi haqqında yazılı iltizam versə də, artıq birinci kursun sonlarında, o, nümayişçi tələbələrə rəhbərlik edib və çox keçməmiş, siyasi baxışlarına görə, həbs olunub. Məhkəmənin qərarı ilə Sergeyev ali məktəbdən xaric olunaraq, altı ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Rusiyada ali təhsil almaq hüququndan məhrum edilən Sergeyev, təhsilini artırmaq üçün Paris şəhərinə yollanıb. Bu şəhərdəki Rus İctimai Elmlər Ali Məktəbinə qəbul olunub. Bu məktəbdə, o, Leninin mühazirələrini dinləyib.


Sergeyev təhsilini başa vurub, Fransadan qayıtdıqdan sonra, Donetsk və Xarkovda bolşevik hərəkatına qoşulub, bolşeviklər partiyasının təşkilatlanmasında yüksək fəallıq nümayiş etdirib. Məhz bu ərəfədə, o, Stalinlə tanış olub və onların arasında sıx dostluq münasibətləri yaranıb.

1910-cu ilə qədər bir neçə dəfə həbs olunan Sergeyev, təhdidlərdən qurtulmaq üçün Yaponiyaya mühacirət edib. Daha sonra Avstraliyaya köçüb. Bu ölkədə rus dilində çıxan “Avstraliyanın səsi” qəzetinin redaktoru olub. Hansı ölkədə olmasına baxmayaraq, Sergeyev marksist ideyalarının fəal təbliğatçısına çevrilib.

1914-cü ildə Stalinin köməkliyi ilə Sergeyev Vladivostoka qayıdaraq, siyasi fəaliyyətini Uzaq Şərqdə davam etdirib. 1916-cı ildə Stalin ona məktub göndərərək, Xarkova gəlməsinin vacib olduğunu bildirib. Sergeyev 1917-ci ilin yanvar ayında Xarkova gələrək, şəhər sovetinin bolşeviklər fraksiyasına rəhbərlik edib və çox keçməmiş, o, Xarkov İcraiyyə Komitəsinin sədri seçilib.

İnqilabdan sonrakı illərdə Sergeyev Ukraynada yüksək vəzifələrə təyinat alıb, Donetskdə və Xarkovda ordunun yaradılmasında, səfərbərlik işlərində ən yüksək göstəricilərə nail olub.

Sergeyev Qafqazda, Ukraynada, Belarusiyada Stalinin məxfi göstərişlərini icra edib. Onların hər iki-üç aydan bir gizli görüşləri keçirilib. Stalinə müxalif olan qüvvələr bu görüşlərdən xəbərdar olanda, Sergeyevi aradan götürmək üçün planlar cızılıb. Xüsusilə də Lev Trotski Stalini “zəiflətmək” üçün Sergeyevin aradan götürülməsini vacib sayıb.

1921-ci ilin iyulun 24-də Sergeyev konstruktor Valerian Abakovskinin ixtirası olan aerovaqonun sınağında iştirak edib. Sınaq üçün aerovaqon Tuladan Moskvaya istiqamət alıb. “Serpuxov” stansiyası yaxınlığında vaqon xətdən çıxaraq, uçuruma yuvarlanıb. Sergeyev qəzanın elə ilk dəqiqələrində başından aldığı zədədən həlak olub.

Qəzanın səbəbi, rəsmi olaraq, texniki nasazlıq göstərilib. Konstruktorlar və texniki heyət uzun-uzadı sorğuya tutulublar, onlar qəza ehtimalının olmadığını sübuta yetiriblər. Son nəticədə belə qənaətə gəlinib ki, qəza kiminsə sifarişi ilə baş verib. Araşdırmalarda Trotskinin adı daha çox hallanıb. Amma heç bir sübut və dəlil tapılmadığından, hadisə müəmmalı şəkildə qapadılıb.

Sergeyevin vəfatı Stalinə olduqca mənfi təsir edib. O, dostunun dəfn mərasimində iştirak edərək, sonda pıçıltılı səslə “Biz, bu qisası yerdə qoymayacağıq”, - deyə, tabutun önünə keçib.

Dəfn mərasimindən sonra Stalin Sergeyevin həyat yoldaşı ilə görüşüb. O, dostunun iki ay əvvəl dünyaya gəlmiş oğlunu övladlığa götürmək istədiyini bildirib. Yelizaveta Sergeyeva Stalinin istəyinə qarşı çıxmayıb. Bununla da iki aylıq Artyom Sergeyev Stalinin Kremldəki mənzilinə aparılıb.


Qeyd edək ki, Stalinin övladlığa götürdüyü Artyom Sergeyev zabit rütbəsi alana qədər sovet liderinin evində yaşayıb. O, orta təhsilini başa vurduqdan sonra, II Moskva Ali Artileriya Məktəbində təhsil alıb, qırmızı orduda xidmətə başlayıb. Müharibədən sonra təhsilini Voroşilov adına Ali Hərbi Akademiyada davam etdirən Artyom Sergeyev, general-mayor rütbəsinə qədər yüksəlib, Xüsusi Təyinatlı Hava Hücumundan Müdafiə Ordusunun komandanın birinci müavini vəzifəsində xidmət edib.

Artyom Sergeyev həm də yazıçı kimi tanınıb. Çoxsaylı məqalələrin və bir neçə kitabın müəllifi olan general, bütün xatirələrində Stalinin ona göstərdiyi qayğı haqqında xoş təəssüratlarını bölüşüb:

“Mən, ailədə digər uşaqlardan seçilmirdim. Stalin hamımıza eyni sevgi və eyni qayğı ilə yanaşırdı. O cümlədən, tələbkarlığı da hamımıza qarşı eyni idi. Bəzi məqamlarda isə, o, mənə qarşı daha həssas olurdu. Bu, onun atamla olan dostluğuna sədaqəti idi. Atamla bağlı xatirələrini tez-tez danışırdı, onun həyatdan tez getdiyinə təəssüflənirdi...”

Artyom Sergeyev 2008-ci ildə, 86 yaşında vəfat edib. O, ömrünün sonuna qədər özünü Stalinin oğlu kimi təqdim edib. Hətta, Nikita Xruşşovun hakimiyyəti dövründə Stalinə qarşı kampaniya aparılanda da Artom Sergeyev Stalinin oğlu olmaqla fəxr etdiyini söyləməkdən çəkinməyib.

İlham Cəmiloğlu
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}