İsmayıllı – Şirvanın dilbər guşəsindən yaradıcılıq zirvəsinə

09:10 21.11.2025 882
İsmayıllı – Şirvanın dilbər guşəsindən yaradıcılıq zirvəsinə

Şirvan torpağı əsrlər boyu Azərbaycan tarixinin, mədəniyyətinin və mənəviyyatının beşiyi olub. Bu qədim diyarın özünəməxsus ruhu, təbiətinin qəlb oxşayan gözəlliyi, insanların sadəliyi və mərdliyi onun neçə-neçə şəxsiyyətlər yetişdirməsinə münbit zəmin yaradıb. Şirvanın dilbər guşələrindən biri olan İsmayıllı isə bu mənəvi xəzinənin ən parlaq incilərindən sayılır. Babadağın ətəyində yerləşən bu bölgə həm dağların uca qürurunu, həm də insanların təvazökar ürək istiliyini özündə yaşadır.

İsmayıllı yalnız gözəlliyi deyil, həm də yaradıcı mühitinin gücü ilə tanınır. Burada sözə, ədəbiyyata, eləcə də qələm adamlarına olan dərin hörmət təkcə bir ənənə deyil, həyat tərzidir. Bu torpaqdan ilham alıb yazanlar həmişə onun sükutuna, meşələrinin xışıltısına, dağlarının əzəmətinə, çaylarının axarına öz sözləri ilə yeni bir ruh, yeni bir nəfəs qatırlar. Burada yaradıcı insanlar yalnız yazar deyil, həm də yaddaşın, keçmişin, inancların, adət-ənənələrin daşıyıcılarıdır. Onların yazdıqları hər sətir bölgənin həm dünənini, həm bu gününü, həm də gələcəyini yaşadır.

Belə şəxsiyyətlərdən biri də Təranə Əmir qızı Cəbiyevadır. İsmayıllının Quşencə kəndindən çıxmış, qələmi ilə elinə-obasına işıq saçan, sözünü Vətəninə həsr edən istedadlı yazıçı və publisist. O, təkcə bir müəllif deyil; bölgəsinin canlı xronikasını yaradan tədqiqatçı, insan talelərini, qayğılarını, arzularını səsə çevirən söz adamıdır.

Təranə xanımın Vətən sevgisi - sözünün mayası

Təranə Cəbiyevanın yaradıcılığının mərkəzində Vətən sevgisi dayanır. Onun qələmində Vətən quru yaradıcılıq obrazı deyil - insanın nəfəsi, ata ocağının tüstüsü, dağların ucalığı, anaların duaları, oğulların qeyrəti, kəndlərin yaddaşıdır.

Bu sevgi sadəcə hiss deyil - fəaliyyətdir, əməldir, yazıdır, araşdırmadır, yaşatma istəyidir.

O, həm doğulduğu Quşencə kəndinin tarixini, həm ümumilikdə İsmayıllı bölgəsinin insanlarını, adət-ənənələrini, folklorunu, taleyini öz yaradıcılığında yaşadır. Təranə xanımın əsərlərində kəndlərin görünməyən qəhrəmanları, unudulmuş xatirələr, insanların adi, amma dəyərli həyat hekayələri öz bədii ifadəsini tapır.

Onun qələmində İsmayıllı yalnız coğrafi məkan deyil - ruhu olan canlı varlıq kimi təqdim olunur.


“Babadağa baxan ellər” – bir bölgənin epoxası

Təranə Cəbiyevanın yaradıcılığında xüsusi yer tutan əsər “Babadağa baxan ellər” kitabıdır. Bu kitab təkcə bir kəndin və ya bir rayonun təsviri deyil, bu, bütöv bir bölgənin mənəvi atlasıdır.

Əsər geniş tədqiqat üzərində qurulub və hər səhifəsi yerli sakinlərin yaddaşına, tarixə, bölgənin taleyinə söykənir. Kitabda
İsmayıllının kəndləri, el-obaları,
bölgəyə xas inanclar, mərasimlər, adətlər,
illər boyunca dəyişən həyat tərzi,
tarixi şəxsiyyətlər və xalq qəhrəmanları,
kənd insanının dünyagörüşü, mənəviyyatı,
İsmayıllı təbiətinin təsviri və simvolikası
çox dolğun şəkildə əks olunur.

Babadağ burada sadəcə coğrafi məkan deyil, bölgənin ruhu, dayaq nöqtəsi, həm qoruyucu, həm də şahid obrazıdır. Kitab Babadağın qoynunda böyüyən insan talelərindən ibarət böyük bir panoramadır.

Tənqidçilərin fikrincə, bu əsər son illərdə İsmayıllı haqqında yazılmış ən genişhəcmli, ən dolğun, həm də ən səmimi kitabdır. O, həm bədii, həm publisistik, həm də tədqiqat yönümlü xarakter daşıyır. Yəni kitab oxucuya həm məlumat, həm duyğu, həm də tarix təqdim edir.

İkinci kitab - bir salnamənin davamı

Budur “Babadağa baxan ellər” kitabının ikinci hissəsi artıq Sizin əlinizdədir. Bu, təkcə bir kitabın davamı deyil, bir bölgənin salnaməsinin genişlənməsidir. Təranə xanım bu yeni kitabda daha çox kəndi, daha çox insanı, daha çox tarixi hadisəni,
yeni araşdırmaları, arxiv materiallarını,
bölgənin tanınmış və adsız qəhrəmanlarını,
İsmayıllının XX–XXI əsr həyatını;
müasir dövrün sosial dəyişikliklərini
işıqlandırmağı qarşısına məqsəd qoyub.
İkinci hissədə həmçinin görüşlər, müsahibələr, folklor nümunələri, yaddaş parçaları, yaşlı nəslin danışdıqları və kənd həyatının dəyişən ritmi daha geniş yer alıb. Bu, faktiki olaraq İsmayıllının xalq ensiklopediyasına çevriləcək bir işdir.

Əsər həm elmi tədqiqatçılar, həm tələbələr, həm də bölgə tarixi ilə maraqlanan hər kəs üçün dəyərli mənbə olacaq.

Yaradıcılıq dünyası – sadəlikdən doğan dərinlik

Təranə Cəbiyevanın sözünün gücü ondadır ki, o, həyatı olduğu kimi, heç bir bəzəksiz, heç bir şişirtməsiz təqdim edir. Onun yazılarında:
insanın zəhməti,
torpağın dəyəri,
bölgənin özünəməxsus dili,
ata-baba adətlərinin ağırlığı,
xatirələrin işıqlı və ya hüzünlü kölgəsi,
kənd insanının saflığı
həm bədii, həm publisistik ahənglə verilir.

Təranə xanım üçün yazmaq yalnız yaradıcılıq deyil xidmət, borc, mənəvi məsuliyyətdir. O, hər əsərində doğma torpağının adını, insanlarını yaşadır və oxucuya yalnız məlumat deyil, sevgi də ötürür.

Təranə xanıma ithaf etdiyim şeirin də burada yer alması yaxşı olar:

Mən sənə nə yazım?
Bəlkə bir şeir...
Bəlkə bir nəğmənin sözlərini yazım?
Tapasan özünü o sətirlərdə.
...Gecəni gündüzə qatıb işləyib,
Yorulub dincini alanda hərdən,
Çəkilib otağın uzaq küncünə,
Rahatlıq tapasan həmin şeirdən.
Biləsən köksünə o sığışmayan,
Özündən savayı hamıya yanan,
Dostun dərd yükünü öz yükü sanan,
O böyük qəlbinə mən də bələdəm.
...Qapından əliboş qayıtmayanlar,
Könlünü heç zaman ovutmayanlar,
Gözünün yaşını qurutmayanlar,
Biləsən, bilirəm nə qədərdilər.
Çiçəkdən bal çəkən arılar kimi,
Çoxunun dərdinə dərman, həkimi.
Bilirəm, sazının yox sarı simi,
Gileyin-güzarın çatmır heç kimə.
Arzular yaşadır, arzular bizi,
Yolun çətin yoldu, qoymusan izi.
Yelkənin fəth edib coşqun dənizi,
Bilirəm, amansız olur dalğalar.
Bir də biləsən ki, əsəndə yellər,
Babadağa baxan bizim o ellər,
Göndərir səninçün tər, qönçə güllər,
Şeirimin sonunda dəstələniblər.

Belə

İsmayıllı kimi füsunkar bir bölgənin qəlbindən çıxan ziyalıların ən böyük missiyası, bəlkə də, bu torpağın yaddaşını qorumaqdır. Təranə Əmir qızı Cəbiyeva isə bu missiyanı böyük ustalıqla, hörmətlə və sevgi ilə yerinə yetirən qələm adamlarındandır. Onun əsərləri bölgənin illərlə formalaşmış ruhunu yaşatmaqdadır.

“Babadağa baxan ellər” yalnız bir kitab deyil — İsmayıllının danışan səsi, yaşayan xatirəsi, sənədləşmiş tarixidir. Bu əsərin ikinci hissəsi isə bu böyük salnaməni daha da zənginləşdirəcək.

Təranə xanımın yaradıcılığı göstərir ki, bir insan öz doğma torpağını sevdikdə onun hər daşı, hər nəfəsi, hər xatirəsi söz olur, əbədiyyətə çevrilir.


Sonda "Hər ay bizim İsmayıllıya qonaq gəl" adlı şeirimi də ismayıllılara və İsmayıllısevərlərə Təranə xanımın bu kitabı vasitəsilə ərməğan edirəm.

Hər ay bizim İsmayıllıya qonaq gəl

Yanvar ayı bu ayların ilkidi,
Yollar, düzlər buz bağlayıb, bərkidi.
Bu şeir də bir şairin ərkidi,
Ovçu qardaş, qarlı dağdan qayıt, gəl,
Təbiət aşiqi, vəfalı dostum,
Yanvar ayı İsmayıllıya qonaq gəl.

Ay qısadı, gün qısadı, yol qısa,
Damlarımız dimdiyindən buz asa.
Qışın ömrü bitir, batıbdır yasa,
Çillə çıxır, çərşənbələr, atıl gəl,
Təbiət aşiqi, vəfalı dostum,
Fevral ayı İsmayıllıya qonaq gəl.

Fəsli-bahar güldü torpaq üzünə,
Göy gurladı, yağış səpdi düzünə,
Bənövşələr kol dibində özünə,
Yer eylədi, Günəş, onu isit, gəl,
Təbiət aşiqi, vəfalı dostum,
Mart ayında İsmayıllıya qonaq gəl.

Aprel oldu, başladı əkin-biçin,
Çaylar daşır, körpüdən ehmal keçin.
Nişanlılar, toy gününə gün seçin,
Aşıq Yanvar, öz sazını götür gəl,
Təbiət aşiqi, vəfalı dostum,
Aprel ayı İsmayıllıya qonaq gəl.

Qardaşımın özünündü sözləri,
"Budur may ayının uzun günləri,
Görürük hər yanda qızıl gülləri".
Çölləri, düzləri bəzə lalə, gəl,
Təbiət aşiqi, vəfalı dostum,
May ayında İsmayıllıya qonaq gəl.

İyun, iyul, avqust - yayın ayları,
Çox diyarın quruyubdu çayları,
Bizdə isə bəlli deyil sayları,
Min bulaqdan su götürən çayım, gəl,
Təbiət aşiqi, vəfalı dostum,
Yay ayları İsmayıllıya qonaq gəl.

Payız yurdu bəzəyibdir al-əlvan,
Buynuz, Basqal, Lahıc, Talıstan, Cülyan,
Sevimlidir hər daşın, hər bir qalan,
Alma, armud, əzgil, heyva, yetiş, gəl,
Təbiət aşiqi, vəfalı dostum,
Payız gəldi, İsmayıllıya qonaq gəl.

Çöllər, düzlər ağ donunu geyəndə,
Soyuq olur qış qapını döyəndə,
Odun "peç"i zövq verir üşüyəndə,
Damda qaxac, damaqlarda dada gəl,
Təbiət aşiqi, vəfalı dostum,
Qış gələndə İsmayıllıya qonaq gəl.

Səlim Soltan, Tülkütəpə yaylağı,
Şeykəm olub çobanların oylağı,
Möcüzələr məskəni Babadağı,
Hər qarışın candan əziz, qucum, gəl,
Bəhruz deyir, bir vəfalı dostuna,
Hər ay bizim İsmayıllıya qonaq gəl.


Bəhruz MƏMMƏDOV
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}